Şəmkirdə təşkil edilən Vüqar Həşimov Memorialında II tur sona yaxınlaşır. Bu gün keçirilən görüşdə dünya çempionu Veselin Topalov Polşa şahmatçısı Radoslav Voytaşeki məğlub edib.
Topalov görüşdən sonra partiyanı belə şərh edib: "Debütdən sonra kiçik üstünlük qazandım. Sonra lazımi gedişləri edərək rəqibi çətin duruma saldım. Layiqli qələbə qazandım. Voytaşek uzun müddət müqavimət göstərə bilmədi. Bu mənim Şəmkirdə ilk qələbəmdir. Ümid edirəm sonuncu deyil".
Bolqar dünya çempionu "Synergy Group"un təşkil etdiyi yarışı yüksək qiymətləndirib: "Paytaxt Bakıda dəfələrlə olmuşam. Şəmkirə ilk dəfə gəlmişəm. Çox bəyəndim bu şəhəri. Təşkilatçılara təşəkkür etmək istərdim. Şahmatçılar üçün yüksək səviyyədə şərait yaradılıb. Mübarizəyə gəldikdə ən çətin oyunlar hələ qarşıdadır".
Sabah III turda Veselin Topalovu Rusiya şahmatçısı Vladimir Kramniklə çətin oyun gözləyir. Uzun müddət bir-biriylə danışmayan şahmatçıların münasibəti hələ də düzəlməyib. Bu barədə suala cavab verən Topalov barışıq haqqında düşünmədiyini deyib: "Sabah adi oyun olacaq. Xüsusi hazırlıqdan söhbət gedə bilməz. Şəmkirdə hər bir oyun maraqlıdır. III turdakı rəqibimlə münasibətlərə gəlincə dəyişiklik yoxdur. Barışıq barədə də düşünmürəm".
Polşa şahmatçısı Radoslav Voytaşek isə Şəmkir turnirini karyerası üçün sınaq adlandırıb: "Şəmkirdə XXI kateqoriyalı yarışda iştirak etmək asan deyil. Mənim üçün bu sınaqdır. Şəmkirdə çox şeyi öyrənirəm. Fikrimcə bu turnirdə iştirakım gələcək karyerama təsirsir ötüşməyəcək. Topalovla oyuna gəldikdə 11-ci gedişdən sonra partiyaya nəzarəti itirdim. Nə baş verdiyini başa düşmədim. Veselin ustalıqla qalib gəldi".