Son xəbərlər
2017-04-22
Uesli So Maykl Adamsla heç-heçədən danışdı

Vüqar Həşimov Memorialının II turunda reytinq favorit Uesli So (ABŞ) qara fiqurlarla Maykl Adamsla (İngiltərə) heç-heçə oynayıb. So heç-heçəni ədalətli nəticə adlandırıb: "Adams böyük təcrübəyə malikdir. Bu mənada üstünlük əldə etməyə imkan vermədi. Bir neçə gedişdən sonra rəqibin səhv edəcəyini gözləsəm də alınmadı. Heç-heçə ədalətli nəticədir. Hərçənd yekunda yüksək yerdə qərarlaşmaq istəyiriksə qalib gəlməyə borcluyam".

Uesli So yaşadığı ABŞ-la Azərbaycan arasında olan saat fərqindən danışıb. Əslən Filippindən olan şahmatçı Şəmkirdə saat fərqiylə bağlı problem yaşamadığını bildirib: "Şəmkirdə yarışdan 3 gün əvvəl gəlməyimdə məqsəd öyrəşmək idi. Saat fərqi problem yaratmır. 3 gün Şəmkirə öyrəşməyə kifayət etdi. Yuxuyla da bağlı narahatçılıq yaşamıram. Hər gün oyunlara 1-2 saat hazırlaşıram".

İngiltərə şahmatçısı Maykl Adams reytinq favoritə qarşı ciddi hazırlaşdığını söyləyib: "So ilk turda Şəhriyara uduzandan sonra bu gün çətin olacağını bilirdim. Partiya o qədər maraqlı olmadı. Gedişlər bir neçə dəfə təkrarlandı. Ona görə heç-heçə qeydə alındı. Şəmkir turnirində özümü yaxşı tərəfdən göstərmək istəyirəm. İddiaçılar sırasında olmasam da yaxşı oyunla yadda qalmaq istəyirəm".

ShamkirChess2017 superturnirinin mətbuat xidməti