Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirində V tur sona yaxınlaşır. Turnirin mətbuat xidməti xəbər verir ki, hesabat turunda Bolqarıstan təmsilçisi Veselin Topalov Rusiya şahmatçısı Sergey Karyakinə uduzub.
Qara fiqurlarla oynayan Veselin Topalov həlledici gedişdə səhv etdiyini bildirib: "Debütdən sonra rəqib üstünlük əldə etmədi. Bərabər oyun gedirdi. Amma sonradan səhv etdim. Karyakin bundan istifadə etdi. Artıq oyunu xilas etmək mümkün deyildi. Uduzduğuma görə təəssüf hissi keçirirəm. İstirahət günündə əhvalım o qədər yaxşı olmayacaq".
Topalov sabah istirahət günündə turnir iştirakçılarıyla birgə futbol oynayacağını söyləyib. Futbol oynamaq barədə düşünməyən Sergey Karyakin isə V turda oyunundan razı qaldığını dedi: "Güclü rəqibə qarşı həmişə diqqətli oynayıram. Ona görə partiyaya yaxşı hazırlaşmışdım. Debütdən sonra vəziyyət bərabər idi. Rəqib səhv etdi, amma həmin gediş diqqətimdən yayınmadı. Çox kobud səhv idi. Qələbə qazandığıma görə çox sevinirəm. Mənim üçün turnir indi başlayır".
Qeyd edək ki, sabah Şəmkir turnirində istirahət günüdür.