Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən təşkil edilən ShamkirChess 2017 turnirində V tur başa çatıb. Yarışın lideri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov hesabat turunda qara fiqurlarla Hindistan təmsilçisi Pentala Harikrişnayla heç-heçə oynayıb. Partiyadan sonra Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib.
- V turda növbəti dəfə qara fiqurlarla qələbə qazanmağa yaxın oldun. Hindistan şahmatçısına qarşı partiyada qazanılan heç-heçəni ədalətli nəticə hesab edirsənmi?
- Hədəf yaxşı oyun göstərmək idi. Partiyanın əvvəlində böyük üstünlük qazandım. İstifadə etməyə cəhd etdim. Sadəcə həlledici anda vacib gedişi görmədim. Ona görə üstünlük boşa çıxdı. Harikrişna mənim üçün uğursuz rəqibdir. Son illər ona qarşı oyunum alınmır. Bakı Şahmat Olimpiadasında məni məğlub etdi. Ötən il Şəmkirdə ona uduzmuşam. Buna görə də ehtiyatlı oynamağa çalışdım. Yüz faizli qələbə görünmürdü, amma üstünlük böyük idi.
- Ötən ilki sonluğu yada salaq. Yarım xal yarışın sonunda həlledici ola bilər.
- Şahmat taleyi bəlkə də bağışlamaz məni. Xal itkisi həmişə yaxşı hal deyil. Amma heç-heçəni xal itkisi hesab etmirəm. V turdan sonra çıxışımı normal hesab edirəm. İki dəfə qara fiqurlarla qələbə qazanmışam. Üç partiyada heç-heçə etmişəm. Ötən il pis başladım, amma turniri yaxşı bitirdim. Ümid edirəm bu il də yaxşı sonluq izləyərik. Bu dəfə yaxşı başlamışam, istəyərdim pis sonluq olmasın. Maraqlı oyunlar hələ irəlidədir.
- İstirahət günündən sonra səni sabiq dünya çempionu Vladimir Kramniklə çətin oyun gözləyir. Kramnikə qarşı oyun heç vaxt asan olmur...
- Sizinlə razıyam. Kramnikə qarşı özü də qara fiqurlarla mübarizə aparmaq çətin olacaq. Kramnik dünyanın ən güclü şahmatçılarından biridir. Ümumiyyətlə Şəmkirdə bir oyun oynamaq çox çətindir. Bir səhvə görə isə uduzmaq olar.
- Şəmkirdən sonra daha iki turnirdə iştirak edəcəksən. Belə gərgin qrafik səni yormayacaq?
- O barədə düşünmüşdüm. Şəmkirdən sonra birbaşa Soçiyə yollanıram. Orada komandalar arasında Rusiya çempionatı olacaq. Mən artıq "Sibir" klubuyla müqavilə imzalamışam. Vladimir Kramniklə eyni klubda yarışacayıq. Rusiya Liqası mayın 1-də başlayır. Ardınca mayın 11-də Moskvada FİDE-nin Qran-Pri turniri başlayır. Ardıcıl 3 yarışda iştirak etmək asan deyil. İndi görürəm ki, artıq yoruluram.
- Deməli Avropa Kubokunda da sən "Sibir"in heyətində olacaqsan..
- Bu belədir. Müqaviləyə əsasən həm də Avropa Çempionlar Kubokunda bu komandanın şərəfini qoruyacam. Güclü klubdan təklif gəldiyi üçün müsbət qarşıladım. Maraqlı rəqiblər olacaq.
- Azərbaycan Avropa Kubokunda olmayacaq? Yoxsa "Sibir"lə müqavilə imzalamaq əvvəldən planlaşdırılırdı?
- Azərbaycan klubu bu yarışda olacaq. Sadəcə "Sibir" güclü heyətə malik iddialı klubdur. Ona görə yox deyə bilməzdim. Avropa Kubokunda iddialı komandada oynamaq istəyirdim. Təəssüf ki ölkəmizdə klublar arasında yarış yoxdur. Lakin Rusiya Liqasında mübarizə aparmaq maraqlıdır.
- Şəmkirə Rauf Məmmədovla birgə gəlmisən. O sənə məşqçi kimi kömək edir. Bilmək istərdik komanda yoldaşın Rauf Məmmədovla işləmək çətindir? Şahmatçı yoxsa məşqçi Rauf güclüdür?
- Raufla 2007-ci ildən işləyirəm. Sözsüz şahmatçı Rauf daha güclüdür. Məşqçilik bir qədər fərqlidir. Şahmatçı kimi böyük potensiala malikdir. Məşqçilik onun üçün hələ yenilikdir. Yaxşı dostdur. Onunla istənilən yarışa rahat yollanıram.
- Adətən şahmatçının şəxsi həyatı karyerasına təsir edir. Eşitdiyimizə görə nişanlanmısan. Şəxsi həyat oyununa təsir edir?
- (gülür) Təsir edir. Ümid edirəm yaxşı təsir edəcək. Birləşmiş Ərəb Əmirliklərində keçirilən FİDE Qran-Pri turnirində qalib gəldim. İndi Şəmkirdə uğur qazanmaq istəyirəm. Karyerama müsbət mənada təsir edəcəyinə inamım böyükdür.