Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirində V tura start verilib. Synergy Group-un təşkil etdiyi turnirin hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb. Synergy Group-un təşkil etdiyi yarışın V turundan sonra Teymur Rəcəbov turnirin rəsmi saytına müsahibə verib.
- ShamkirChess 2017 turnirində V tur arxada qalır. Çıxışınızı necə dəyərləndirirsiniz?
- V turdan sonra hesabımda 2 xal var. Sözsüz daha yaxşı çıxış etmək mümkündür. Fikrimcə yarışın yekunları barədə danışmaq hazırda tezdir. Qarşıda 4 tur var. Nəticələr barədə sonda danışmaq daha yaxşıdır. Sözsüz ki, Şəmkirdə keçirilən yarışda mümkün qədər yaxşı oyun nümayiş etdirmək istəyirəm. Bəzən istədiyin alınmır.
- Sizdən həmişə qələbə gözləyirlər. Demək olar ki, son yarışlarda o cümlədən Şəmkirdəki turnirdə qələbə qazanmaqda çətinlik çəkirsiniz. Təzyiq altında oynamaq çətindir?
- Vüqar Həşimov Memorialında güclü şahmatçılar toplaşıb. Belə heyətlə oyunlarda qələbə qazanmaq asan deyil. İlk turda qara fiqurlarla görüşdə məğlub oldum. Sözsüz ki, məğlubiyyətlə başlayandan sonra özünü toparlamaq çətindir. Bütün turnirlərdə qələbə qazanmaq alınmır. Başa düşürəm ki, məndən yalnız uğur gözləyirlər. Bəhanələri sevmirəm. Təzyiq hiss etmirəm. Şəmkirdə çıxış etmək çox rahatdır. Burada iştirakçılara bütün şərait yaradılıb. Ötən gün Şəhriyar da söylədi ki, Vətəndə oyun alınanda deyirlər rahatdır. Oyun getməyəndə isə doğma şəhərdə mübarizə aparmağın çətin olduğunu söyləyirlər. Şəmkirdə mübarizə aparan bütün şahmatçılar dünya reytinqində yüksək yerlərdə qərarlaşıblar. Belə yarışlarda hamıda çətinlik ola bilər.
- Synergy Group-un təşkil etdiyi ShamkirChess 2017 turnirinin son qalibi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovdur. Bu il də Şəhriyarla Teymura böyük ümidlər bəslənilir. Şahmatçılarımızın qələbə qazanmaq şansı yüksəkdimi?
- İlk olaraq Vüqar Həşimovun xatirəsinə belə möhtəşəm yarış təşkil olunduğuna görə Synergy Group-a təşəkkür edirəm. Bu yarışda həmişə ən güclülər iştirak edib. Təşkilatçılar tərəfindən bütün qonaqlara əla şərait yaradılıb. Şəmkir turniri artıq dünya şahmat təqvimində özünəməxsus yeri tutur. Belə yarışlar ölkədə şahmata olan marağı da artırır. Sualınıza gəldikdə Azərbaycan şahmatçıları yaxşı oynayanda qalib gəlmək şanslarımız yüksək olur. Millidə çıxış edəndə hər birimizin oyunu nəzərə alınır. Turnirdə isə fərdi oyun vacib olur. Ötən il Şəhriyar Məmmədyarovun qələbəsinə çox sevindim. 2016-cı ildə turnirin son turlarını yüksək səviyyədə keçirdi. Tay-brekdə Fabiano Karuana üzərində vacib qələbə qazandı. Bu il də çalışırıq. Doğma meydanda yerli şahmatçı qələbə qazananda həm azarkeşlər, həm də təşkilatçılar üçün yaxşı olur.
- Reytinqə görə Uesli So və Vladimir Kramnik favorit hesab edilir. Sənin fikrincə Şəmkirdəki yarışda qələbəyə əsas namizəd kimdi?
- Turnirdən əvvəl adətən reytinqə görə müzakirələr aparılır. Uesli So və Vladimir Kramnik FİDE reytinqinə görə turnirin birinci-ikinci şahmatçılarıdır. Əgər reytinqə görə danışırıqsa So və Kramniki əsas favorit hesab etmək olar. Amma Şəmkirə dəvət olunan hər bir şahmatçı qələbə qazanmaq gücündədir. So yarışa məğlubiyyətlə başladı. Gözlənilməz nəticələr çox olur. Yekun haqqında danışmaq çətindir.
- Hamını Teymur Rəcəbovun hazırda hansı məşqçilərlə çalışması maraqlandırır. Çox vaxt siz adları sirr saxlayırsınız...
- Uşaq yaşlarımdan atam yanımda olub. İndinin özündə də atam mənə kömək edir. Mən heç vaxt məşqçilərimi sirr saxlamamışam. Dünya şahmat tacı uğrunda yarışanda köməkçilərin adını gizlədirlər. Belə həyatda isə buna ehtiyac yoxdur. Bir neçə il əvvəl Çuçelovla çalışmışam. Bütün turnirlərə birgə gedirdik. İndi konkret məşqçim yoxdur. Sparrinq tərəfdaşlarım var. Bütün şahmatçılar kimi mən də bəzən kompyuterdən istifadə edirəm.
- Şəmkirdən sonra hansı turnirlərdə çıxış etməyi planlaşdırırsınız?
- Hazırda əsas diqqət FİDE-nin Qran-Pri yarışlarına yönəlib. Çünki iddiaçıların turnirinə vəsiqə qazanmaq üçün Qran-Pridə yaxşı çıxış etmək lazımdır. Karyeram ərzində çoxlu sayda mötəbər yarışlarda iştirak etmişəm. 12 yaşımdan müxtəlif turnirlərdə mübarizə aparmışam. İndiyə qədər Dünya Kubokunda, Avropa çempionatında, superturnirlərdə qələbə qazanmışam. Əsas hədəfim dünya şahmat tacı uğrunda mübarizəyə qoşulmaqdır. Dünya çempionluğu uğrunda oynamaq istəyirəm.
- Teymur Rəcəbovun əsas hədəfi dünya şahmat tacını Azərbaycana gətirməkdi. Bu iddia bir neçə ildi səslənmir. Deməli siz fikriniz dəyişməyib...
- Müəyyən müddətdə bu barədə danışmırdıq. Çünki şahmatda mənim üçün çətin dönəm oldu. Oyunum alınmırdı. Artıq həmin dövr arxada qaldı. Mənim əsas hədəfim dünya çempionuna qarşı oynamaqdır. Çətin dönəmdə superturnirlərdə iştirak etmirdim. İndi Qran-Pridə mübarizə aparmaqla iddiaçıların yarışına qoşulmaq istəyirəm. Dünya çempionu olandan sonra şahmatçının karyerasında yeni mərhələ başlayır. Nə vaxtsa arzuma çatacağıma inanıram. Baxın Maqnus Karlsen çempion olandan sonra ancaq titulunu qorumaq barədə düşünür.
- Əksəriyyət söyləyir ki şahmatda indi onun dövranıdır. Yəni doğurdan Maqnus Karlseni dayandırmaq çətindir?
- Maqnusun məğlubedilməz olmasıyla razılaşmıram. Onunla birlikdə çoxlu sayda turnirlərdə iştirak etmişəm. Dəfələrlə ona qarşı mübarizə aparmışam. Nəzərə almaq lazımdır ki Karlsenin liderliyi o qədər uzun müddət deyil. 2-3 il əvvəl bütün turnirlərdə vahid lider kimi qəbul edilirdi. Amma hazırda belə deyil. Dünya çempionudur, lakin onun çoxlu sayda güclü rəqibləri var.
- Şəmkir turniri Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqarla bağlı hansı xatirələri bizimlə bölüşə bilərsən...
- Vüqarla bağlı yalnız xoş xatirələrim var. Onun xatirəsinə keçirilən turnir yüksək səviyyədə təşkil olunub. Şəmkir turniri indiyə qədər iştirak etdiyim ən möhtəşəm yarışlardan biridir. Hər il Vüqarın adı bizləri yenə birləşdirir. Bu gün onun da iştirakçılar sırasında olmağınızı istəyərdim. Yaxşı olardı ki, Vüqar özü də bu gün yarışda mübarizə aparan şahmatçıların yanında olsun.
- 2016-cı ildə Bakı Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdi. FİDE təşkilatçılığı yüksək qiymətləndirərək olimpiadalar tarixində ən yaxşı yarış adlandırdı. Təəssüf ki Azərbaycan millisi bizi sevindirmədi. Yığmanın uğursuzluğunun səbəbi nə idi?
- Təşkilatçılıq yüksək səviyyədə oldu. Amma nəticəmiz yaxşı deyildi. Olimpiadadan 8 ay keçib. İndi bu barədə danışmaq olar. Millinin uğur qazanması üçün bütün şahmatçıların yüksək formada olması vacidbir. Olimpiada zamanı bəzi şahmatçılarımız o qədər yaxşı çıxış etmədi. Bəzi partiyalarda mənim eləcə də Arkadi Naydiçin oyunu alınmadı. Komanda kimi qalib gəlmək üçün bütün lövhələrdə yaxşı nəticə lazımdır. Azərbaycan millisi iki dəfə Avropa çempionatında qızıl medal qazanıb. Olimpiadada medalımız yoxdur. Doğma Bakıda mübarizə aparmaq böyük məsuliyyətdir. Hamımız nəticə qazanmaq istəyirdik. Təəssüf ki alınmadı. Mehriban komandamız var. Gələcəkdə olimpiada da uğur qazanmaq şanslarımız çoxdur.
- Teymur Rəcəbovdan öyrənmək istəyən yeniyetmələr çoxdur. Gələcəkdə şəxsi şahmat akademiyası və ya məktəbini açmaq barədə düşünmürsən?
- Gənclərlə görüşmək, təcrübəni bölüşmək çox maraqlıdır. Həmin məktəbdə müxtəlif seanslar keçirmək olar. Uşaqlara təcrübəli qrossmeysterlə görüş yaxşı mənada təsir edir. Hazırda bu barədə plan yoxdur. Əgər olacaqsa özüm orada olmaq istəyirəm. Yoxsa şahmat akademiyası və ya məktəbi açırsan, amma özün ildə bir-iki dəfə ora gəlirsən - bu düzgün deyil. Onda kommersiya məqsədi əsas götürülür. Hazırda bütün fikrimi karyerama yönəltmişəm. Belə fikir yoxdur. Əlbəttə Azərbaycan millisinə yaxşı şahmatçıları hazırlayacaq məktəbin olmağını istəyərdim. Mütəmadi orada seanslar və görüşlər təşkil etmək olardı. Məsələn uşaq yaşlarımda Viktor Korçnoyun seansında iştirakımı indiyə qədər xatırlayıram. Ona görə uşaqlar üçün elə şərait yaratmaq əla ideyadır. Amma bu barədə heç bir planım yoxdur.
- Məryəm adlı qızınız var. Övladınız şahmatla maraqlanır?
- Qızım balacadır. Hazırda bu barədə danışmaq tezdir. Əlbəttə fiqurları tanıyır. Fiqurların düzülüşünü bilir. Şahmatçı ailəsində olan uşaq sözsüz ki bu oyunu tanıyır. Qızıma təzyiq etmirəm. Hələ balacadır. Gələcəkdə şahmata marağının hansı səviyyədə olacağını zaman göstərəcək.