Son xəbərlər
2017-04-28
Uesli SO: Şahmat dünyası Vüqarı heç vaxt unutmayacaq

Vüqar Həşimov Memorialında iştirak edən ABŞ şahmatçısı Uesli So ShamkirChess 2017 turnirinin rəsmi saytına müsahibə verib. Synergy Group-un təşkil etdiyi yarış haqqında danışan So rəqibləri haqqında fikir bildirib.

- ShamkirChess 2017 turnirində reytinq favoritsiniz. Amma ilk turlarda istədiyiniz nəticəni qazana bilmədiniz...

- Favorit olmaq asan deyil. Hamı qələbə gözləyir. 5 turdan sonra etiraf edirəm ki, oyunumdan razı deyiləm. Səhvlər az deyil. Bu mənada istədiyim mübarizəni sərgiləmirəm. Səbəbini söyləyə bilmərəm. Heyət çox güclüdür. Hər tur güclü şahmatçıya qarşı oynamaq çətindir.

- İlk turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla partiyanı təhlil etdiniz? Həmin oyunda məğlub olmağınızı necə izah edərdiniz...

- Məmmədyarov güclü şahmatçıdır. Səhvləri bağışlamır. Şəhriyarla oyunda üstünlük qazanmaq üçün bir-iki gediş etməli oldum. Səhv gedişim rəqibin diqqətindən yayınmadı. Nəticədə məğlub duruma düşdüm. Bu səviyyəli rəqibə qarşı səhv bağışlanmır.

- Şəmkirdən əvvəl ABŞ çempionu oldunuz. Fabiano Karuana və Hikaru Nakamura sizə güclü rəqabət yarada bilmədi...

- Karuana və Nakamura güclü şahmatçılardır. Sadəcə mən yarışa daha ciddi hazırlaşmışdım. Hər ikisi əvvəllər ABŞ çempionu olub. Mənim üçün bu ABŞ-da ilk qələbə idi. Birləşmiş Ştatlar böyük dövlətdir. Şahmatı çox sevirlər. Belə ölkənin daxili çempionatında qələbə qazanmaq çox xoş oldu.

- Şəmkirdə V turda sabiq dünya çempionu Vladimir Kramnik üzərində asanlıqla qələbə qazandınız. Bu Kramnikə qarşı çox ciddi hazırlığınızın nəticəsi idi?

- İnanın qələbə asan başa gəlmədi. Kramnik üzərində asan qələbə mümkün deyil. Sadəcə partiyanın gedişində üstünlük qazandım. Sona qədər rəqibi təzyiq altında saxladım. Karyeramda ən uzun oyunlardan biri oldu. Altı saata yaxın davam edən görüşün sonundə Kramnik təslim oldi. Sabiq dünya çempionunu məğlub edəndən sonra turnir cədvəlində vəziyyətim bir qədər düzəldi.

- Gənc yaşında FİDE dünya reytinqində ikinci yerdə qərarlaşmısınız. Artıq sizi dünya çempionu Maqnus Karlsenin əsas rəqibi adlandırırlar. Özünüzü dünya şahmat tacı uğrunda mübarizəyə hazır sayırsınız?

- Maqnus Karlsen güclü şahmatçıdır. Ona qarşı tam mübarizəyə hazır deyil. Bunun üçün peşəkar səviyyədə hazırlıq tələb olunur. İlk öncə Qran-Pri turnirlərində uğur qazanmalıyam. Ardınca iddiaçılar turnirində qalib olmaqla Karlsenlə görüşə vəsiqə əldə etməliyəm. Sonra Maqnusla mübarizə barədə düşünmək olar. Əsas hədəfim iştirak etdiyim yarışlar maksimum nəticə göstərməkdir.

- Mötəbər yarışlara kiminlə hazırlaşırsınız?

- Şəmkirə anamla gəlmişəm. Məşq prosesimi anam diqqətdə saxlayır. Demək olar ki, bütün yarışlara onunla yollanıram. Məşqçi kimi Vladimir Tukmakovla çalışıram. Yarışda mənim yanımda olmağı vacib deyil. Onunla daim əlaqədəyəm. Tukmakov yeganə məşqçimdir. 

- Dünya şahmatında kimi özünüzə kumir hesab edirsiniz?

- Uşaq yaşlarımdan Vladimir Kramnik və Vişvanatan Anandın partiyalarına baxmışam. Bu şahmatçılara böyük hörmətim var. Kramniki xüsusilə qeyd edərdim. Pərəstiş etdiyim insanı iki dəfə məğlub etmişəm. Ona qarşı oynamaq özü böyük cəsarət tələb edir.

- Şəmkir turniri Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqar haqqında xatirələrinizi bizimlə bölüşməyinizi xahiş edərdik...

- İlk öncə XXI kateqoriyalı yarışı yüksək səviyyədə keçirdiyinə görə Synergy Group-a təşəkkür etmək istəyirəm. Bu mənim Şəmkirə ikinci səfərimdir. Həmişə bu şəhərə gəlməyə çox şad oluram. Vüqar Həşimovun adını yaşatdıqlarına görə çox sağ ol deyirəm. Şahmatda ilk addımlarımı atdığım zaman Vüqarın adını eşitmişdim. Sonradan daha yaxından tanıdım. Həmin vaxt Həşimovun 2760 reytinqi var idi. Hətta qalib gələndə rəqibə hörmət edirdi. Təəssüf ki Vüqar indi bizimlə deyil. Şahmat dünyası onu heç vaxt unutmayacaq.