Mətbuat üçün məlumat
2017-03-31

Ardıcıl dördüncü dəfə Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə beynəlxalq superturnir keçiriləcək. “Synergy Group” və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutacaq Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Yarışın Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa) və bolqarıstanlı dünya çempionu Veselin Topalov iştirak edəcək. 

XXI kateqoriyalı superturnirin reytinq favoriti ABŞ təmsilçisi Uesli So olacaq. Qrossmeyster hazırda Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2822 xalla 2-ci pillədə qərarlaşıb.  
 
Vüqar Həşimov Memorialının direktoru, Shamkir Chess 2017 Təşkilat Komitəsinin sədri Fərid Hüseynov yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib: "
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess” turniri artıq ənənəyə çevrilib. Məşhur şahmatçıların iştirak etdiyi superturnir dördüncü dəfədir ki, Şəmkirdə təşkil olunur. Yarışın əsas məqsədi mərhum Vüqar Həşimovun xatirəsini yad etmək, eyni zamanda Azərbaycanda şahmatın inkişafına dəstək olmaqdır. Şəmkirdə qələbə uğrunda ən güclü qrossmeysterlər mübarizə aparacaq. İnanırıq ki, bu dəfə də şahmat həvəskarlarını bir-birindən maraqlı partiyalar və güzəştsiz mübarizə gözləyir. "Synergy Group" özünün korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq bu turnirin keçirilməsinə böyük diqqət və qayğı göstərir.

Hər il məşhur şahmatçılarla Şəmkirə toplaşmağımız artıq ənənə halını alıb. Demək olar ki Şəmkir artıq dünya şahmat şəhərləri siyahısına daxil olmağı bacarıb. Əcnəbi şahmatçılar əvvəlki yarışlarda təşkilatçılığı həmişə yüksək qiymətləndirib, ShamkirChess turnirini böyük tarixə malik Linares və Veyk-An-Zee kimi yarışlarla müqayisə edib. ShamkirChess 2017 turnirinin də yüksək səviyyədə keçiriləcəyinə inanırıq
".

Xatırladaq ki, 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) yarışın qalibi olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub. 

Turnirin təntənəli açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.


ShamkirChess2017 turnirinin mətbuat xidməti